Bəzən dərs deyən sən olmursan – Hətta müəllim olsan belə

I help solo entrepreneurs build strong brands and grow their sales by using storytelling, artificial intelligence tools, digital marketing, and business systemization.
Doğru ilə yanlışı ayırmaq
Uşaqlıqda öyrəndiyimiz ilk şeylərdən biri “doğru ilə yanlışı ayırmaq” olur.
Əgər kimsə sənə pis bir söz deyibsə, haqlı olaraq incinirsən.
Əgər sən kimsə üçün yaxşı bir şey etmisənsə, qarşılığını gözləyirsən.
İnsan təbiəti və güzgü effekti
İnsan təbiəti də belə işləyir:
Məni necə qarşılayırlarsa, mən də o cür reaksiya verərəm.
Amma bir gün elə bir an gəlir ki, sənə edilən bir səhvə qarşılıq verməməyin özü bir dərsə çevrilir.
Və həmin anda anlayırsan:
Böyümək hər şeyi bilmək deyil.
Böyümək — anlayış göstərə bilmə qabiliyyətinə sahib olmaq və hekayənin üzünü deyil, astarını, arxa fonda gedən o prosesləri görmək, onlara agah olmaqdır.
Yəni baxmağın ötəsinə keçib görməyi bacarmaqdır.
Leyla müəllimənin hekayəsi
Və bu anlatdıqlarım barəsində sizə bir hekayə danışacağam.
Leyla adlı bir müəllimə bir məktəbdə işə başlayır.
Yeni gəlir və bir ay ərzində çox gözəl təəssüratlar alır.
Bir ay ərzində bütün şagirdlər onu sevir. Dərs keçməyi, dərsə yanaşması, şagirdlərlə işləməsi və s. — hər şey çox gözəldir. Sinifdə də 40-a yaxın şagird var və hamı Leyla müəlliməni sevir, ona vurulub, aşiq olub.
Tənqidə açıq olan müəllim
Bir gün Leyla müəllimə dərsə gəldiyi zaman deyir:
– Uşaqlar, bu gün sizdən bir xahişim var. Sizlərə kağız paylayacağam, ora mənim haqqımda yazacaqsınız. Amma xahiş edirəm, yazarkən mənfisi ilə müsbətini birlikdə yazın. Əgər məni sevirsinizsə, bunu edin.
Leyla müəllimə kağızları paylayır. Özündən də çox əmindir ki, hamı çox gözəl sözlər yazacaq.
Həqiqətən də belə olur.
Sol cibdəki kağız
Bütün kağızları yığdığı zaman ən arxada oturan və dərsə qulaq asmayan, dərslə əlaqəsi olmayan, gələcəkdə təhsilin önəmsiz olduğunu düşünən, sinfi bir az qarışdıran bir qız uşağı var. Adı da Səmadır.
Səmanın kağızını almaq istəyəndə Səma tərəddüd edir.
Bir anlıq tərəddüd edir.
Və... müəllimə kağızı alır. Səmanın kağızında ad yazılmayıb, bilmir kim yazıb.
Bütün şagirdlərin kağızını sağ cibinə qoyur, amma Səmanın kağızını sol cibinə.
Səma da bunun fərqindədir. Görür.
Müəllim bildirməməyə çalışır. Çalışır, amma Səma görür ki, bu kağızı ayrı ciyə qoydu.
Kağızın içində nə yazılmışdı?
Müəllim başlayır bir-bir kağızları oxumağa. Oxuyur, oxuyur…
Sağ cibindəki kağızları bitirdikdən sonra əlini atır sol cibinə. Bu anda Səma peşman olmağa başlayır.
“Görəsən, yanlış etdim?” — deyə düşünür.
Bu vaxt Leyla müəllimə kağızı açır, oxuyur.
Bu dəfə səssizcə oxuyur.
Təbəssüm edir, içində oxuyur, sonra şagirdlərinə baxır.
Orada nələr yazılmışdı?
Yaxşı şeylər yox, tənqidlər:
“Siz savadsız müəllimsiniz, dərs keçə bilmirsiniz. Ola bilsin ki, prosesi gözəl idarə edirsiniz, amma dərs öyrətmək, dərketdirmək qabiliyyətiniz xoşuma gəlmir” — və s. yazılmışdı.
Müəllimin sevinci
Amma işin bir reallığı var idi:
Müəllim həqiqətən ideala yaxın bir müəllim idi.
İdeal deyil — təbii ki, ideal müəllim olmaq çətin məsələdir — amma ideala yaxın bir müəllim idi.
Gözləmirdi belə bir rəyi. Orada bir təəssürat, elə bir “feedback”…
Amma təbəssüm edir. Və bu, həqiqətən saf bir təbəssümdür.
Sevinir bir yandan da.
Nəyə sevinir, bilirsinizmi?
Özündən əmindir bir cəhətdən.
Sevindiyi şey budur:
Birisinin hekayəsini öyrənmək üçün bir səbəb yarandı.
Birisi mənə, hekayəsinə toxuna bilməyim üçün bir çağırış etdi.
“Bu, Səmanı kəşf etmək üçün möhtəşəm bir andır” — deyə düşünür.
Ən əhəmiyyətli söz: “Mən səni görürəm”
Sinif dağılır. Gün sonu şagirdlər evlərinə gedərkən Səmanı dostlarından biri çağırır ki:
– Leyla müəllimə səni görmək istəyir.
Səma narahatdır. “Görəsən, incitdim? Bizim indiyə qədər gəlmiş ən yaxşı müəllimlərimizdəndir...” — deyə düşünür.
Səma müəllimlə bir yerdə evə gedərkən söhbət edirlər, danışırlar.
Müəllimin gözündə işıq — Səmanın hekayəsinə dalmaq üçün can atır.
Dinlədikcə hekayəsini, əslində saf niyyətini görməyə başlayır və görür ki:
Səma ailəsində görünməyən bir uşaqdır.
Şagirdlər tərəfindən fərq edilməyən bir uşaqdır.
Daxildə bir potensial var, amma onu çıxara bilmir.
Və...
Səmanın gözlərinin içinə baxır və bunları deyir:
– Mən səni görürəm.
Səndə parlayan bir cövhər var.
Daxildə bir yerdə gizlətmisən, amma onun bir gün aşkara çıxacağını və çox gözəl bir şəkildə parlayacağını bilirəm.
Gedir. Və bu söhbətin üzərindən bir il keçir.
Səma sinfin ən aktiv öyrənən iştirakçılarından olur. Əlaçılardan olur.
Və...
Onun həyatını dəyişən, yön verən hekayənin başlanğıcı isə Leyla müəlliməyə yazdığı o kağız olur.
Bu hekayə kimlər üçündür?
Bu hekayə bir dərsdir:
Uşağının sözünə incinmiş bir valideyn üçün.
Şagirdinin davranışından incinmiş bir müəllim üçün.
İş yoldaşının kobud bir hərəkətini, kobud bir sözünü qəlbində saxlayanlar üçün.
Sevgilisi, yoldaşı özünü ifadə edə bilmədiyinə görə ona od püskürənlər üçün.
Və ən çox da çox danışıb az dinləyən insanlar üçün.
Kobudluğun kökündəki səssiz savaş
Çünki həqiqət budur:
İnsanlar bizi incitmək üçün yox,
öz daxillərindəki savaşdan bizə bəhs edə bilmədikləri üçün,
özlərini bu mövzuda ifadə edə bilmədikləri üçün,
qarşı tərəfin ifadə etməyə layiq bir mövqedə olmadığını hiss etdikləri üçün kobud davranırlar, kobud rəftar edirlər, sərt olurlar.
Müəllim olmaq – Lövhədən daxilə uzanan bir səfərdir
İndi üzümü müəllimlərə tutub demək istəyirəm:
Şagirdlərinizdən bəzən qırıcı, incidici sözlər eşidə bilərsiniz.
Amma bundan əmin olun ki, o incidici söz şagirdin ağzından yox, onun qırıq qəlbindən gəlir.
Müəllimlik etməklə “müəllim olmaq” arasındakı fərqi bu şəkildə ifadə edə bilərik:
Müəllim sadəcə təbaşiri əlinə alıb lövhədə cızan bir personaj deyil.
Müəllim — o təbaşiri əlinə aldıqdan sonra qırıq qəlblərə gözəl toxunuşlar edən, onların həyatına asta-asta toxunan şəxsdir.
Bu, məncə, müəllim olmağın tərifidir.
Sonda bir sual: Həqiqi dərsi kim keçir?
Siz nə düşünürsünüz? Müəllim olmağa hansı tərifi verə bilərsiniz?
Bu yazını oxuyan hər kəsə bu sualı verib sağollaşmaq istəyirəm:
Əgər bir gün sənə qarşı haqsızlıq edilsə…
Əgər bir gün bilmədən incidilsən…
Hər hansı kobud davranış, bir söz, rəftar, tutumun... nə olardı? Nə edərdin?
Dərhal cavab verərdin, yoxsa hekayənin özünü, əslini anlamağa çalışardın?
Əmin olun, hekayənin özünü anlamağa çalışdığınız zaman artıq siz əvvəlki “siz” olmursunuz.
Artıq başqa birisinə çevrilirsiniz.
Və artıq bir yaş daha böyümüsünüz...
Müəllimlər üçün təlim və kurslarımız:
1. Müəllimlər üçün dijital bacarıqlar kursu: https://behbudlu.com/p/mdijital
2. Müəllimlər üçün hekayələşdirmə kursu: https://behbudlu.com/p/mhekayə
3. Sahibkar kimi düşünən müəllim olmaq təlimi: https://behbudlu.com/p/smlm
4. Digər təlim və kurslar: https://behbudlu.com/p/academy




